AZ

Tomas Tuxel: “Mən “Bayern”in gələcəyindən arxayınam”

“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel klub və özünün gələcəyi haqda söhbət açaraq, bəzi məqamlara aydınlıq gətirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin müvafiq mövzulara dair fikirlərini təqdim edir.

Tomas Tuxel Münhen klubunda çalışmağın məşqçi mütəxəssislər üçün qeyri-cəlbedici işə çevrildiyini düşünüb-düşünməməsi ilə bağlı sualı cavablayıb:

“Xeyr, mən belə düşünmürəm. Bu iş mənim üçün çox cəlbedici idi. Əks halda, mən bu fikirlə razılaşmamağı üstün tutardım. Hazırda mən hələ də “Bayern”in məşqçisiyəm! Qarşıda bizi maraqlı tapşırıqlar gözləyir. Çempionlar Liqasının finalına çıxmaq istəyirik. Münhen klubunun gələcəyinə gəldikdə isə, mən arxayınam”, deyə alman mütəxəssis vurğulayıb.

Tuxel cari mövsümdə Bundesliqada 2-ci yerin Almaniya nəhəngi üçün məqsədəuyğun hesab edilə biləcəyini düşünüb-düşünməməsi haqda mövqeyini açıqlayıb:

“2-ci yer heç vaxt “Bayern”in məqsədi olmayacaq. Buna rəğmən, sabah bizi böyük çağırış (Bundesliqanın 32-ci turunun “Ştutqart”la oyunu – redaktorun qeydi) gözləyir. Düşünürəm ki, bizi nələrin gözlədiyini bilirik”, deyə Tuxel bildirib.

Həmçinin alman mütəxəssis Münhen klubundakı gələcəyi haqda danışıb və klubda qalacağı ehtimalını qətiyyətli şəkildə istisna etməyib.

Xatırladaq ki, “Bayern”in Tuxellə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər hesablansa da, tərəflər cari mövsümün sonunda müqaviləyə qarşılıqlı surətdə xitam verəcəklərinə dair razılığa gəliblər:

“Bizim əsaslı müqaviləmiz var və razılaşmışıq ki, onu daha əvvəl ləğv edəcəyik. Hər şey mümkündür, amma cavab eynidir. Saziş qüvvədədir. Razılaşma var”, deyə Tuxel diplomatik tərzdə vurğulayıb.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasınadır. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern” ümidlərini mayın 8-də Madriddə keçiriləcək cavab oyununa bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla