AZ

Birinci Liqada maaş sorğusu - Onlar nə qədər qazanırlar?

Birinci Liqada 2023/2024 mövsümü sona yaxınlaşdıqca klubların çıxışları onları idarə edən funksionerlərin fəaliyyəti ilə müqayisə edilir.

Klub idarəçilərinin dövlətdən və ya sponsordan ayrılan vəsaitdən aylıq nə qədər əməkhaqqı alması isə həmişə olduğu kimi maraq doğurur.

Futbol həvəskarlarının və azarkeşlərin istəyinə uyğun olaraq, cari mövsüm Birinci Liqada iştirak edən bir neçə klubun idarəçilərinin maaşlarını öyrənməyə çalışdıq. Arena.az klub rəhbərləri arasında apardığı sorğunun nəticələrini oxucularına təqdim edir.

Çempionluğa iddialı komandalardan olan “İmişli” bu siyahıda da fərqlənib desək, yanılmarıq. Belə ki, bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov aylıq qazancının 1200 AZN olduğu bildirdi. Bölgə təmsilçisinin uğurlu çıxışını nəzərə alsaq, rəqəmin klub azarkeşləri üçün təəccüb doğurmayacağını düşünə bilərik.

Tarixində ilk dəfə olaraq Birinci Liqada çıxış edən bölgə təmsilçisi “Araz Saatlı” isə maaş baxmından heç də digər klublardan geri qalmır. Klub prezidenti Ədalət Abdullayev aylıq qazancının 1000 AZN olduğunu vurğuladı. Çətin dönəmlər keçirən klubun ilk vaxtlar bütün yükünü təkbaşına daşıyan, daha sonra dəstək toplayan funksionerin belə maaş alması yerli publikanın da marağını kəsb edə bilməz.

Stadionunun təmiri səbəbi ilə oyunlarını qonşu Şamaxıda keçirən “Ağsu Difai” isə bu dəfə də bizi təəccübləndirməyi bacardı. Belə ki, klub prezidenti Asəf Məlikov qazancı barədə verdiyimiz suala cavab olaraq vergiləri çıxmaq şərti ilə aylıq maaşının 372 AZN olduğunu bildirdi. Şübhəsiz ki, bu, “Difai” azarkeşləri üçün fədakarlıq nümunəsi hesab oluna bilər. Belə kiçik məbləğlə həyatını kluba həsr edən klub funksionerləri Azərbaycan futboluna nümunədir.

İstənilən halda klub rəsmiləri “kommersiya sirrləri”ni azarkeşlərlə bölüşürsə, bu qarşılıqlı münasibətlərin hansı səmtə doğru irəlilədiyindən xəbər verir. Ümid edirik ki, klublar azarkeşləri ilə əvvəlkitək daha yaxın və bərabər işləməyi, eyni zamanda Avropa standartlarına uyğun inkişaf proqramı qəbul edib, inkişaf edəcəklər. Əks halda yaxın keçmişdə azarkeşləri ilə işləməyi bacarmayan “sultan və xidmətçi” mövqelərində olan klublar kimi tarixin tozlu səhifələrinə qərq olmağa məhkum olarlar.

Nahid Ustaclı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq