AZ

“Əzimzadə məktəbi”nin ensiklopediyası

Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi təsviri sənətimizin inkişafında böyük rol oynayıb. Bu təhsil ocağını bitirən elə insanlar var ki, onların əsərləri mədəniyyətimizin qızıl fonduna daxil edilib. Böyük fırça ustaları Səttar Bəhlulzadə, Tağı Tağıyev, Kazım Kazımzadə, Mircavad Mircavadov, Mikayıl Abdullayev, Elbəy Rzaquliyev, Toğrul Nərimanbəyov, Tahir Salahov, heykəltəraşlar Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov və digər onlarla görkəmli sənətkarımız ilk uğurlu addımlarını "Əzimzadə məktəbi"ndə atıblar.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyevin bu günlərdə "Təhsil" nəşriyyatında çapdan çıxan 560 səhifəlik "İstedadlar ocağı" kitabı bir əsr şərəfli yol keçmiş Dövlət Rəssamlıq Məktəbinə həsr edilib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, mərhum Qənirə Paşayevanın “Ön söz” yazdığı kitab gərgin əməyin məhsuludur və "Əzimzadə məktəbi"nin ensiklopediyası sayıla bilər.

Müəllif Azərbaycanda ilk rəssamlıq məktəbinin açılmasında böyük rəssam, sənət fədaisi Əzim Əzimzadənin əvəzsiz xidmətləri olduğunu qeyd edərək yada salır ki, gənc rəssam o illərdə, Xalq Maarif Komissarlığında məktəbdənkənar təhsil şöbəsində işləməklə yanaşı, respublikanın mədəni həyatında fəal iştirak edirdi. Əzim bəyin rəhbərliyi ilə Azərbaycanda olan maddi-mədəniyyət abidələri qeydiyyata alınır, onların vəziyyəti ilə bağlı yuxarı təşkilatlara hesabat və təkliflər hazırlanırdı. Təsviri sənətin vəziyyətilə bağlı bu şöbənin təqdim etdiyi hesabat əsasında Xalq Maarif Komissarlığı 7 iyul 1920-ci il tarixli kollegiya iclasında Azərbaycanda dövlət təminatli ilk Rəssamlıq Studiyasının (məktəbinin) yaradılması haqda qərar qəbul edir. 1922-ci ildə Studiya Ali Rəssamlıq Məktəbinə çevrilir və burada təsviri sənət müəllimliyi, heykəltəraşlıq (1925-ci ildən), qrafika, litoqrafiya və nəqqaşlıq, tətbiqi sənət, rəngkarlıq bölmələri fəaliyyət göstərir. 1928-ci ildə tədris ocağı texnikum, 1939-cu ildən Dövlət Rəssamlıq Məktəbi (1947-ci ildən 5 illik təhsil tətbiq olunur) adlandırılır. 
1943-cü il iyulun 1-də təhsil ocağı yeni vəfat etmiş Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbi adlandırılır.

Ziyadxan müəllim kitabın maraqla oxunması üçün, belə demək olarsa, statistik rəqəmləri və tarixi faktları elmi-publisistik sözə çevirib. Əsərin ayrı-ayrı bölmələrini oxuduqca bunun əyani şahidi oluruq. Azərbaycanda rəssamlığın tədrisi tarixindən, "Əzimzadə məktəbi"nin fəxri adlara layiq görülmüş məzunlarınadək hər bir bölmə tədris ocağının keçdiyi yolun uğurlarını göz önündə sərgiləyir. Kitabın tərtibatında rəssam və heykəltəraşlarımızın ən uğurlu əl işlərindən nümunələrə də yer verilib. Nə qədər çətin olsa da, müəllif məktəbin bütün məzunlarının ad və soyadlarını da (buraxılış illəri üzrə) toplaya bilib.

Yubilyar təhsil ocağına rəhbərlik etmiş insanlar ("İdarəçilik bacarığı"), orada dərs deyən müəllimlər ("Müəllim işığı"), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin tələbəlik illəri ("Mixaylo" fırçasının gücü"), Ə. Əzimzadənin həyat və yaradıcılığı haqqında düşüncələr ("Rəssamlığımızım Sabiri") və digər bölmələr oxucu yaddaşını maraqlı faktlarla zənginləşdirir.

Kitabda diqqət çəkən bölmələrdən biri də məktəbin rəssam olmayan məşhurları haqqında yazılanlardır. Sən demə, Xalq artisti Mirzə Babayev, tarixçi Sara Aşurbəyli, yazıçı Fərman Kərimzadə, aktyorlar Gündüz Abbasov, Fazil Salayev, ədəbiyyatşünas alim Təhsin Mütəllimov, Avropa və Paralimpiya çempionu Gündüz İsmayılov və başqaları Dövlət Rəssamlıq Məktəbinin məzunu olublar.

"Əzimzadə məktəbi"nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci)100 illiyinə həsr edilən "İstedadlar ocağı" kitabı sənət adamları, bu sahədə elmi iş yazanlar və təsviri sənətdən dərs deyən müəllimlər, ümumiyyətlə, sənətlə maraqlanan hər kəs üçün zəngin mənbədir. Bu kitab bir əsr şərəfli yol keçmiş, istedadlara bilik, qol-qanad vermiş, onları sənətin böyük yoluna çıxarmış təhsil ocağı haqqında əsl söz abidəsidir.

Səməd MƏLİKZADƏ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
Mənbələr
Şərh ()
Bağla

Reytinq