AZ

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir - Lətifə Qəhrəmanova baş verənlərə görə Anar Məmmədovu günahlandırır

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi Lətifə Həbibullah qızı Qəhrəmanova iddia edir ki, müsahibə mərhələsi qeyri-şəffaf olub.

Vətəndaş Meydan TV-yə açıqlamasında baş verənlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədovu günahlandırıb:

“İlk müsahibədə məndən tədrisin təşkili sahələrini soruşdular. Cavabım nədənsə Anar Məmmədovu qane etmədi. Dedilər ki, müsahibədən 1,5 bal toplamısınız. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edəndən sonra məni ikinci dəfə müsahibəyə çağırdılar. Bu dəfə də müxtəlif bəhanələrlə mənə mane oldular. Dedilər ki, 0,78 bal toplamısan. Yəni 1 bal da toplamamışam. 34 ilin müəllimi test mərhələsində 62 bal topladığı halda, müsahibədən 1 bal toplaya bilməməsi absurddur”.

BŞTİ-dən Meydan TV-yə bildirilib ki, Lətifə Qəhrəmanova ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində müsbət nəticə əldə etsə də, müsahibə mərhələsində mümkün 5 baldan yalnız 1,15 bal toplaya bilib.

Bildirilir ki o, 2024-cü il aprelin 16-da müraciəti əsasında BŞTİ-nin müdir müavini Anar Məmmədov tərəfindən qəbul edilib.

“Qəbulun nəticəsi olaraq ona yenidən müsahibədə iştirak etmək imkanı yaradılıb. Təkrar müsahibədə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”ndakı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə əmək funksiyaları və ixtisas tələblərinə uyğun olaraq suallar verilib. Həmin müsahibədə namizəd mümkün 5 baldan 0,78 bal toplayaraq uğur qazanmayıb”, – BŞTİ-nin məlumatında deyilir.

Əlavə olunur ki, müsahibə mərhələsində komissiya üzvləri tərəfindən qəbul edilmiş qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 2-2,99 bal toplamış namizədlər əlavə təlimdən sonra təkrar müsahibəyə cəlb edilir.

“3-5 bal arası nəticə göstərən namizədlər müsahibədən uğurla keçib. 0-1,99 bal nəticə göstərən namizədlər isə uğur qazanmamış hesab olunurlar. Şəffaf seçimlərə əsaslanan müsabiqədə uğur qazana bilmədiyinə görə adekvat olmayan təsir vasitələrinə (əsassız ittihamları ictimailəşdirmək, özünü qanunvericiliyə uyğun olmayan statusda təqdim etmək və s.) əl atmaq pedaqoji sahədə rəhbər vəzifədə çalışmaq istəyən namizədə uyğun davranış norması deyil. Lətifə Qəhrəmanovaya tövsiyə olunur ki, növbəti müvafiq işə qəbul müsabiqələrinə qatılaraq özünü sınasın”, – BŞTİ-nin Meydan TV-nin sorğusuna cavabında bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
Mənbələr
Şərh ()
Bağla

Reytinq