AZ

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Arterial

Bakı, 17 may, AZƏRTAC

“Arterial hipertoniya – arterial təzyiqin 140/90 millimetr civə sütunundan yuxarı qalxması halıdır. Xəstəliyin spesifik simptomları yoxdur. Xəstədə güclü baş ağrısı, ümumi zəiflik, qulaqlarda səs-küy, ürəkbulanma, başgicəllənmə, sürətli yorğunluq kimi əlamətlər olduqda qan təzyiqini yoxlamaq lazımdır, çünki həmin şikayətlər yüksək qan təzyiqinin əlamətləri ola bilər. Arterial hipertoniya optimal, normal, yüksək normal və 1-3 dərəcəli xəstəlik kimi təsnifatlaşdırılır. Optimal qan təzyiqi 120/80, normal qan təzyiqi 120-129/80-84, yüksək normal qan təzyiqi isə 130-139/85-89 millimetr civə sütunu hesab olunur”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirovun Səhiyyə Nazirliyinin mətbuat xidmətinə arterial hipertoniya xəstəliyi ilə əlaqədar müsahibəsində yer alıb.

O qeyd edib ki, ümumiyyətlə, arterial hipertoniya müxtəlif dərəcələrə görə təsnifatlaşdırılır. Birinci dərəcəli arterial hipertenziya zamanı təzyiq 140-159/90-99, ikinci dərəcəli 160-179/100-109, üçüncü dərəcəlidə 180/110-dan çox, təcrid olunan sistolik arterial hipertoniyada 140 millimetr civə sütunundan çox, diastolikdə isə 90 millimetr civə sütunundan az olur. Sistolik qan təzyiqində artım qeydə alınarsa, təcrid olunan sistolik arterial hipertoniya, diastolik qan təzyiqində artım müşahidə olduğu təqdirdə isə təcrid olunan diastolik arterial hipertoniya müşahidə olunur. Həmin hallarda arterial hipertoniya dərəcəsi ən yüksək təzyiq səviyyəsi ilə müəyyənləşdirilir.

Hipertoniyanın diaqnozu barədə məlumat verən həkim-kardioloq deyib: “Yüksək qan təzyiqi aşkarlandığı halda həkimə müraciət etmək vacibdir. Ən yaxşısı isə həkimə müraciət edərkən xəstənin son iki həftə üçün qan təzyiqi gündəliyini özü ilə aparmasıdır. Sorğunun və müayinənin nəticələrinə əsasən həkim əlavə diaqnostik üslub seçəcək. Həkim diaqnozun təsdiqi və ya təkzibi, simptomatik və ya ikincili hipertoniyanın istisna olunması, yəni, başqa xəstəliyin səbəb olduğu hipertenziya zamanı əlaqəli risk faktorlarının qiymətləndirilməsini aparır. Bundan əlavə, həkim hədəf orqan zədələnməsinin (yüksək qan təzyiqinin mənfi təsirlərinə həssas olan hədəf orqanlar, məsələn, ürək, böyrəklər, qan damarları və s.), müalicə üslubuna təsir edən xəstəliklərin (məsələn, şəkərli diabet) aşkarlanmasını müəyyənləşdirir və müalicə üsulunu seçir”.

Tofiq Cahangirov simptomatik arterial hipertoniya haqqında bəhs edərkən deyib: “Simptomatik hipertoniya 5-10 faiz hallarda baş verir. Bunun səbəbi yalnız xəstəliklər deyil, həm də xarici amillər ola bilər. Həmin amillərə hamilə qadınlarda arterial hipertenziya, böyrək parenximası və böyrək damarı xəstəlikləri, birincili hiperaldosteronizm, Kuşinq sindromu, aortanın koarktasiyası aiddir. Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir. Həkim ilk növbədə yaş faktoruna (55 yaşdan yuxarı kişilər, 65 yaşdan yuxarı qadınlar) diqqət yetirməlidir. Bundan əlavə, ürək-damar xəstəliklərinin (55 yaşa qədər kişilərdə, qadınlarda isə 65 yaşa qədər) irsi faktoru yoxlanılır. Tütünçəkmə və zərərli qidalardan istifadə mənfi təsirini göstərir. Həmçinin dislipidemiya, yəni yüksək xolesterol və ya onun fraksiyalarından biri, məsələn, LDL və abdominal piylənmə mütləq şəkildə yoxlanılmalıdır”.

Həkim-kardioloq arterial hipertoniyanın müalicəsi ilə əlaqədar deyib: “Müalicəni təyin edərkən həkim qarşısına qan təzyiqi səviyyəsinin 140/90 millimetr civə sütununa çatdırılması, hədəf orqanının qorunması və dəyişdirilə bilən risk faktorlarının aradan qaldırılması kimi məqsədlər qoyur. Eyni zamanda, başlıca məqsəd ürək-damar xəstəliklərinin uzunmüddətli ümumi riskinin mümkün qədər aradan qaldırılması, bəzi hallarda isə (məsələn, şəkərli diabet zamanı) qan təzyiqi səviyyəsinin daha da azalmasına nail olmaqdır. Dəyişdirilə bilinən risk faktorlarının aradan qaldırılması müalicənin ən vacib komponentidir. Hipertoniya ilə mübarizə aparan şəxs çəkinin normallaşmasına diqqət etməli, duz istifadəsini məhdudlaşdırılmalı, siqaret və spirtli içkilərdən tam imtina etməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
2
azertag.az

3Mənbələr