AZ

Siyasi dialoqun inkişafında yeni mərhələ 

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə görüş keçirilib

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, REAL Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, Gələcək Azərbaycan Partiyası, Yeni Zaman Partiyası, Müsavat Partiyası) nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.

Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.

Sabir Rüstəmxanlı: Görüş olduqca müsbət bir addımdır

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da görüşü son dərəcə əhəmiyyətli və vaxtında baş tutmuş görüş adlandırıb. VHP sədri qeyd edib ki, 2020-ci ildən başlayaraq Azərbaycanın siyasi mühitində yeni siyasi şərait yaranıb: “Prezidentin təşəbbüsü ilə yeni siyasi konfiqurasiya formalaşıb və iqtidar ilə müxalifət arasında siyasi dialoq başlayıb. Bu dialoqun milli birlik, vətəndaş həmrəyliyi istiqamətində böyük bir addım olduğunu hər kəs bilir və bu birliyin həm II Qarabağ müharibəsi, həm də antiterror tədbirlərində əhəmiyyətini hər kəs gördü. Görüşdə siyasi partiyalararası dialoqun əhəmiyyəti və siyasi partiyalar haqqında yeni qanun qəbul olunandan sonra yaranmış şərait, qanunla bağlı ortaya çıxan bir sıra məsələlər müzakirə olundu. Müzakirələrdə yalnız siyasi partiyalar deyil, həm də hökumət nümayəndələri də iştirak etdilər. Onlar da müzakirə edilən məsələləri dinlədilər və qeydlərini götürdülər. Partiyaları maraqlandıran məsələlərlə bağlı məlumatlandırıldılar. Mən də təklif etdim ki, bu görüşlər intensivləşməlidir. Eyni zamanda, belə görüşlər həm də ayrı-ayrı problemlərin ətrafında, fərqli mövzular üzrə təşkil edilə bilər. Başqa maraqlı təkliflər də səsləndirildi. Fikrimcə, bu görüş olduqca müsbət bir addımdır. Ümumiyyətlə, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Yarandığı dövrdən bu yana şöbə Azərbaycanın siyasi mühitində yüksək siyasi mədəniyyətin formalaşmasında ciddi rol oynayıb. Dünən də bu şöbənin müdiri Ədalət Vəliyev çıxışında şöbənin ümumi işi barədə geniş fikirlərini bildirdi. Təbii ki, bütün görülən işlər Azərbaycanın xeyrinədir”. 

Fəzail Ağamalı: Bu toplantı həm də bir çox hədəfləri özündə əks etdirdi...

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, ciddi əhəmiyyət kəsb edən və siyasi birliyimizin növbəti təcəssümü olan görüş partiyalararası və iqtidar-müxalifət münasibətlərində geniş perspektivlər yaradan mühüm hadisə kimi qiymətləndirilməlidir. O vurğulayıb ki, Prezident İlham Əliyevin iradəsinə söykənən siyasi partiyaların yeni konfiqurasiyası ötən zaman kəsiyində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu inkişaf mərhələsində ortaya qoyulan hədəflərə çatmaq üçün mühüm addımlar atılıb. Bu addımların effektivliyində isə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və orada təmsil olunan peşəkar insanlar xüsusi rol oynayır. Ötən dövr ərzində siyasi partiyalarla iqtidar arasında sağlam və şəffaf əməkdaşlıq formalaşdı. Zamanında bəzi radikal partiyaların himayəsində, inhisarında olan müxalifətçilik bu çətirdən çıxaraq müstəqil şəkildə özünü ifadə etmək imkanını qazandı. Bu çox yaxşı hal idi. Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə yarandığı andan bütün siyasi partiyaların rəhbərləri ilə intensiv görüşlər keçirdi, müzakirələr apardı. Həm partiyalar arasında, həm də iqtidarla partiyalar arasında sağlam münasbətlərin yaranması yolunda əhəmiyyətli işlər görüldü. Görülən işlər, atılan addımlar öz bəhrəsini verdi və 2020-ci il Vətən müharibəsi dövründə, antiterror tədbirləri zamanı, informasiya müharibəsi zamanı siyasi partiyalar dövləti, silahlı qüvvələri, xalqı ilə eyni səfdə, eyni cərgədə yer aldı. Marginal AXCP istisna olunmaqla bütün siyasi partiyalar əldə edilən qələbə üçün səfərbər oldu, birlik nümayiş etdirdi, vahid müsəllah əsgər kimi bir cəbhədə birləşdi. Beləliklə, ölkə Prezidentinin yeni siyasi konfiqurasiya siyasəti özünü doğrultdu”.

F.Ağamalı deyib ki, mayın 16-da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı və moderatorluğu ilə keçirilən toplantı yeni bir hadisə kimi tarixə düşdü. “Siyasi partiyalar haqqında yeni qanunun qəbulunun xüsusi əhəmiyyəti də ortadadır. Keçirilən tədbir də məhz qanunun icrasına həsr edilmişdi. Öz çıxışında Ədalət Vəliyev son 3 ildə ölkədə siyasi partiyaların palitrasını, mənzərəsini, görülən işlərin bütün mahiyyətini ortaya qoydu. Partiyalarla iqtidarın əməkdaşlığının vermiş olduğu əhəmiyyətli nəticələr üzərində geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, milli həmrəyliyimizin yaranmasında, inkişafında siyasi partiyalar arasındakı birliyin də ciddi əhəmiyyət kəsb etdiyi xüsusi olaraq önə çəkildi. Bu toplantı həm də bir çox hədəfləri özündə əks etdirdi. Bundan sonra da milli maraqlar və dövlət maraqlara ətrafında birləşərək Azərbaycanın taleyüklü məsələlərinin həllində dövlətimiz və xalqımızla bir olmağın zəruriliyi, həm Ədalət Vəliyevin çıxışında, həm də siyasi partiya rəhbərlərinin çıxaşlarında xüsusi olaraq yer aldı”, - deyən AVP sədri əlavə edib ki, toplantıda kifayət qədər açıq diskussiya alındı, bundan sonrakı dövrdə də əməkdaşlığın vacibliyi önə çəkildi: “Bu gün demək olar ki, bütün siyasi qüvvələr dövlətin maraqları ətrafında birləşib. Yalnız marginal AXCP burada istisnalıq təşkil edir. Qələbənin əldə olunmasında, istər müharibə dövründə, istərsə də indi bu və ya digər şəkildə davam edən informasiya cəbhəsində dövlətimizlə çiyin-çiyinə döyüşən partiyaların siyasi birliyi qorunub saxlanmalıdır. Çünki hələ qarşıda ciddi hədəflər var. Bu birlik Azərbaycanın güclənməsinə, tarixi torpaqlarımıza sahib çıxmaq üçün şərəfli xidmətimizə hədəflənməlidir. Ümidvaram ki, ciddi tarixi əhəmiyyət kəsb edən toplantı siyasi partiyaların birliyində yeni bir mərhələnin əsasını qoyucaq və bundan sonra əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”. 

İqbal Ağazadə: Azərbaycan üçün yeni və oluqca pozitiv bir mərhələ...

Görüşdə iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə ölkənin siyasi spektrinin bir masa arxasında toplanmasını və mühüm məsələləri müzakirə etməsini olduqca yüksək hal kimi dəyərləndirib: “Bundan gözəl heç nə ola bilməz. Bu, ölkə müxalifətinin və iqtidarının bir masa arxasında müzakirə apara bilməsinin əyani nümayişidir. 2020-ci ilin fevralından ötən 4 il ərzində müxtəlif məsələlərdə Azərbaycan siyasi palitrasının nümayəndələri birgə mövqe ifadə ediblər, hətta beynəlxalq təzyiqlərə də birgə cavab veriblər. Bir sıra hadisələrə birgə reaksiya veriblər. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni və oluqca pozitiv bir mərhələdir. Azərbaycanda nəhayət ki, siyasi institutlar problemlərini masa arxasında danışaraq həll edirlər. Ola bilər ki, hər şey hər kəsi tam qane etməsin və bu da təbii haldır. Amma qonşu Gürcüstanda, Ermənistanda baş verənlərə baxanda, həm də böyük Qarabağ qələbəsindən sonra bu olduqca əsaslı şərtə çevrilib. İnanıram ki, bu mərhələ Azərbaycan üçün mütləq uğurlu olacaq və ölkəmiz bu mərhələdən çox şey qazanacaq. Siyasi partiyalar yeni dönəmdə artıq parlament və dialoq partiyalarına çevirilib - 1988-ci ildən siyasi institutların ritorikasında özünə yer etmiş sərt sözlər və pafosdan daha çox real praqmatik fikirlərə üstünlük verilir. İnsanlar masalarda problemlərin həlli yolunu müzakirə edir. Bu baxımdan belə görüşləri yüksək dəyərləndirirəm və davam etməsinin vacib olduğunu düşünürəm. Bu görüşləri təşkil edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi çox ciddi şəkildə bu işlərlə məşğuldur və fikrimcə, prosesi uğurla inkişaf etdirirlər”. 

Sərdar Cəlaloğlu: Dəyirmi masa yüksək səviyyədə təşkil olunmuşdu...

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da görüşü yüksək dəyərləndirib. Hakimiyyət nümayəndələri və əksər siyasi partiyaların iştirakı ilə baş tutan, siyasi partiyalar haqqında qanunun tətbiqinə həsr olunmuş dəyirmi masanın əsaslı müzakirələrlə keçdiyini bildirib: “Dəyirmi masa çox yüksək səviyyədə təşkil olunmuşdu. Orada siyasi partiyalarla yanaşı bir sıra dövlət strukturlarının nümayəndələrinin də iştirakı təmin olunmuşdu. Həmin dövlət strukturlarının nümayəndələri qanunun onlara aid olan hissələri ilə bağlı bir daha əlavə şərhlər verdi, ortada olan məsələlərlə bağlı fikirlərini bölüşdülər. Eyni zamanda, siyasi partiyaların nümayəndələri də çıxış etdilər - təkliflər və ideyalar səsləndirildi. Çox məhsuldar bir görüş alındı. Bu mənzərə onu deməyə əsas verir ki, belə dəyirmi masaların tez-tez keçirilməsinə zərurət var. Fikir mübadiləsi aparmaq olduqca gözəl bir ənənədir. Fərqli ölkələrin nümunələrinə baxsaq bunun şahidi oluruq. Biz 4 ildir ki, prosesə start vermişik. Bu gün həm Gürcüstanda, həm də Ermənistanda siyasi proseslər qaynayır. Hər iki ölkədə müxalifət xarici qüvvələrin təsiri altında məlum hərəkətləri edirlər. Azərbaycanda isə sabitlikdir. Bu onu göstərir ki, heç bir xarici təsir, xarici qüvvə Azərbaycan müxalifətini özünün oyunlarına alət edə bilmir. Bu, həm də bizim müxalifətin Gürcüstan və Ermənsitandan fərqli olaraq keyfiyyətini ortaya qoyur, milli müxalifət olduğunu göstərir. Təbii ki, belə bir şəraitin yaranmasında iqtidarın son vaxtlarda müxalifətə nəzərən münasibətindəki dəyişikliklər öz rolunu oynayır. Ümumilikdə tədbiri müsbət dəyərləndirirəm. Tədbirdə mən də çıxış etdim. Qanunla bağlı fikirlərimi bölüşdüm. Bu tip görüşlərin intensivliyinin artmasını arzu edərdik. Çünki belə görüşlər siyasi mədəniyyətin inkişafında yeni bir mərhələ kimi dəyərləndirilir”. 

Aydın Quliyev: Yeni konfiqurasiya beynəlxalq dairələrə təsirli mesajlar verir

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Prezident Administrasiyasında siyasi partiyalarla görüş ölkədə çoxdan başladılmış yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesinin davamıdır. Baş redaktor qeyd edib ki, Azərbaycanda keyfiyyətcə  yeni siyasi sistem münasibətlərinin yaradılması Vətən müharibəsinin ilk günlərindən başlayıb: “Bu prosesin təşəbbüskarı təbii ki, Prezident İlham Əliyev oldu. Dövlət başçısı siyasi partiyaların Azərbaycanın tarixində misilsiz fenomen olan azadlıq müharibəsindən və böyük Zəfərdən kənarda qalmalarını rəva görmədi. Strateji düşüncə sahibi olan lider kimi bütün potensialların ortaya qoyulmasına şərait yaratdı. Siyasi partiyalar isə Ali Baş Komandan olaraq İlham Əliyevin seçdiyi müharibə variantını ərazi bütövlüyümüzə doğru ən tutarlı yol kimi qəbul etdilər, bütünlüklə, hətta özünü radikal müxalifət hesab edən qüvvələr də prosesə dəstək verdilər”.

Mayın 16-da keçirilmiş görüşün Prezidentin yeni siyasi münasibətlər modelinin formalaşdırılmasında tam ardıcıl olduğunu bir daha nümayiş etdirdiyini önə çəkən Aydın Quliyev vurğulayıb ki, ortadakı hədəflər bəllidir: “Hər kəs görə bilər ki, Prezident İlham Əliyev bütün siyasi partiyaların qatıldığı münasibətlər sisteminə təkcə müharibə şəraiti  ilə bağlı fenomen kimi baxmır, əksinə, sağlam qüvvələrin hamısının hər zaman bir ortada olmasına ümummilli güc göstəricisi kimi yanaşır və onun təkmilləşdirilməsini daimi prosesə çevirmək istəyir. Təsadüfi deyil ki, görüşdə siyasi partiyaların mütləq çoxluğu ilə bərabər geniş spektrdə əlaqədar dövlət orqanlarının da təmsilçiliyi təmin olunub. Prezident Administrasiyası, MSK, Ədliyyə və Maliyyə nazirlikləri, eyni zamanda Hesablama Palatası nümayəndələrinin iştirakının təmin olunması bir daha ifadə etdi ki, Prezident bu məsələyə mühüm dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi baxır. Heç şübhə yoxdur ki, siyasi partiyalar dövlətçilik siyasətinə daimi dəstək versələr, bu həm onların özlərinin daha güclü inkişafına şərait yaradacaq, həm də dövlətçilik gücünün ümumən artırılmasına dəstək olacaq”.

Baş redaktor bildirib ki, bu görüşün keçirilməsi ölkə Prezidentinin siyasi partiyaların daha da inkişaf etməsində maraqlı olduğunu bir daha göstərir. Çünki dövlət orqanları ilə sağlam və işgüzar əməkdaşlıq bütün hallarda həm də partiyaların özlərinin inkişafına təkan vermiş olur. “Təəssüf ki, özünü hələ də ölkədə yeni siyasi münasibətlərdən kənarda qoymaq istəyənlər də var. Əlbəttə, bu onların öz seçimidir və müşahidələrə görə, ölkə Prezidenti istisnasız olaraq bütün siyasi subyektlərin konstruktiv əməkdaşlığa və sağlam siyasi dialoqa qatılmasında maraqlıdır. Özünü bu prosesdən kənarda qoyanlar əslində sürətlə irəliyə gedən Azərbaycandan çox - çox uzaqlarda qaldıqlarının və ya qala biləcəklərinin fərqinə varmalıdırlar. Çox yaxşı haldır ki, Prezidentin yeni əməkdaşlıq modeli qurmaq siyasəti ölkənin mütləq əksər partiyaları tərəfindən dəstəklənir. Azərbaycanda siyasi partiyaların fəal qatıldığı yeni konfiqurasiya cəmiyyətimizə və bütün beynəlxalq dairələrə təsirli mesajlar verir. Belə görüşlər Azərbaycan cəmiyyətini milli- siyasi birliyin nə qədər vacib olduğuna və bu işdə şəxsən Prezidentin nə qədər birləşdirici lider olduğuna bir daha inandırır. Eyni zamanda bəzi beynəlxalq dairələrə Azərbaycandakı milli- siyasi birliyi pozmaq cəhdlərinin mənasız olduğunu bir daha nümayiş etdirir”, - deyə A.Quliyev əlavə edib. 

Pərviz SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
26
yeniazerbaycan.com

10Mənbələr