AZ

Ölkədə narkoman sürücülər çoxalır - çıxış yolu nədir...

Ekspert: “Sürücülük vəsiqəsi ləğv edilə bilər, amma...”

Saatlıda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtomobilini narkotik vasitələrin təsiri altında idarə edən 5 nəfər rayon sakini - A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub. Nəqliyyat vasitələrinə baxış zamanı orada müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb. Toplanmış materiallar məhkəməyə göndərilib, faktlarla bağlı araşdırmalar aparılır.

Paytaxtda isə narkotik vasitənin təsiri altında ikən inzibati məsuliyyətdən yayınmağa cəhd edən sürücü saxlanılıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, dövlət nömrə nişanını saxtalaşdıraraq inzibati məsuliyyətdən yayınmağa çalışan 99-LY-942 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Quliyev Bağış Tapdıq oğlu yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlayan zaman sürücünün hərəkəti şübhə doğurduğundan o, tibbi müayinədən keçməli olub. Müayinə zamanı B.Quliyevin narkotik vasitə qəbul etməsi müəyyənləşib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə B.Quliyev 9 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib, 20 sutka müddətinə isə inzibati qaydada həbs edilib.

Bəs 9 aydan sonra nə olacaq, təzədən o, sükan arxasına oturub başqa sürücülər üçün, əhali üçün təhlükə mənbəyinə çevriləcək? 9 aya narkoman sağalırmı? Niyə ona sürücülük ümumiyyətlə qadağan edilmir və məcburi müalicəyə göndərilmir? Daha bir sual: belə faktlar niyə artıb?

Xatırladaq ki, narkoman sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına dair də faktlar var.

Yeri gəlmişkən, ötən il 10 060 cinayət faktı qeydə alınıb ki, həmin hadisələr üzrə 8 777 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən şəxslərdən 7 ton 58 kq narkotik və müxtəlif növ psixotrop maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilənlərin 100 nəfəri xarici ölkə vətəndaşları təşkil edib ki, həmin əcnəbi vətəndaşların üzərindən də narkotik maddə aşkarlanıb". 

“Yeni Müsavat” xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib.

O, ölkə üzrə narkomanların sayını açıqlayıb: “2024-cü ilin yanvarına qədər olan statistikaya görə 36 659 nəfər şəxs dispanser nəzarətindədir. Həmin şəxslərin 8 458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Əlavə olaraq qeyd olunub ki, 36 659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Bakıda

Yasin Müstafayev

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Müstafayev dedi ki, sürücülük vəsiqəsi ləğv edilə bilər:"Amma  qanunvericilikdə nəzərdə tutulmayıb ki, kimsə narkotik maddə ilə tutulanda onun sürücülük vəsiqəsi ləğv olunsun. Ümumiyyətlə, sürücülük vəsiqəsinin ləğv edilməsi ilə bağlı yeni cərimə sistemi dolduqda, sərxoş halda ikinci dəfə tutulduqda və digər bu qəbildən maddələr var ki, bu zaman sürücülük vəsiqəsi ləğv edilə bilər. Amma narkotik maddə ilə tutulduqda bunun ləğvi məsələsi qanunvericilikdə əksini tapmayıb".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi şirkətlərinə sürücülərin narkoloji testə göndərilməsi barədə tapşırıq verilməsi xəbərlərinə aydınlıq gətirib. Qurumdan qeyd edilib ki, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:"Avtomobil nəqliyyatı haqqında", “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Bundan başqa, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürücülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait, eyni zamanda, daşıyıcı tərəfindən parklarda da yaradıla bilər".

Məlumatda qeyd olunub ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:

“Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər. Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək”.

Məlumatda, həmçinin vurğulanıb ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq:

“Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq”.

Bəs narkomanı zahiri görünüşünə və davranışına görə necə tanımaq olar? Ekspertlər qeyd edir ki, bəzən narkomanları tanımaq çox sadə ola bilər. Gözlərdə, üzdə və bədən quruluşunda xarakterik dəyişikliklər, həyat tərzi və xarakterdəki dəyişikliklər - bütün bunlar qeyri-qanuni maddələrdən istifadə etməyə başlayan bir insanı aşkar edə bilər.  Narkomanı qeyri-istifadəçidən ayırmağın bir neçə yolu var. Gözlərə, dəri rənginə, dərinin vəziyyətinə, bədən quruluşuna, həmçinin narkomanların adətən inyeksiya etdiyi yerlərə diqqət yetiriıməlidir. Bəzən xarici əlamətlər hətta keçmiş narkotik aludəçisini də ələ verə bilər. Yaşına uyğun gəlməyən, həddən artıq  qırışmış üz, əllərdə çapıqlar, gənc yaşda qazanılmış ürək-damar xəstəlikləri - bütün bunlar narkomaniyanın nəticələri ola bilər. Ancaq bu simptomlar tamamilə fərqli səbəblərdən də yarana bilər. Buna görə də, bir insanın keçmişdə narkotik qəbul edib-etmədiyini öyrənmək üçün yüz faiz yol yoxdur.

Narkoloji test narkotik aludəçisini müəyyən etməyin yeganə yüzfaizlik yoludur. Əgər hər hansı bir şübhə varsa, həmin şəxsin hər hansı maddədən istifadə edib-etmədiyini dərhal yoxlamaq daha yaxşıdır. Narkomaniya faktı nə qədər tez təsdiqlənərsə, onu müalicə etmək bir o qədər asan olar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
musavat.com

2Mənbələr